Я по специальности экономист.пишу 25 лет.печатаюсь в журналах и литературных сайтах. вышла роман «Поцелуй дьявола «.
«QUŞLAR QYIDIRSA…»
(hekayə)
üstümə düşmüş əzrayıl kölgəsi qorxutdumu
çırpıldı qübbəyə sabahın göyərçinləri
artıq quşlara deyil
yaşanmamış bir günün tarlasına səpiləsi
bir ovuc dənin hesabı qaldı məndə
Zahid Sarıtorpaq
…Usulluca örtsəm də, qapının paslanmış petləsi elə cırıldadı, ətim ürpəndi. Bir az eyvanda dayanıb göyə baxdım, “yağacaq” deyib elə qapıtəhər cırıldayan taxta pilləkənlə həyətə düşdüm.”Sənün də zayun çıxıb”-pilləkənə deyindim. Əvvəllər deyinməzdim, mismardan-zaddan tapıb ələngə pilləkənin əgər-əskiyin düzəldərdim. Deməli,mənim də zayım çıxıb…
Yaz bithabitdə, indi fikir verirəm ki, qaranquşlar ötənilki kimi gözə dəymir.
“Demək , bu yaz da dönmədilər.Toplar hürkütdü qaranquşları…Yaxşı, olar gəldi-gedərdi,hər yerə isinişməzlər, bəs, sərçələrə nə olub qəhətə çıxıblar, elə bil yer üzünün bütün sərçələri qırılıb. Dədəm rəhmətlik deyərdi ki, qaranquşlar, kənddən bezib qaçan cavanlar kimidi -biri dönər, beşi yox…Sərçə başqa, sərçə özümüzünküdü, vəfalıdı, heç hara getməz…Hanı bəs?”
…Fikirləşdim ki, hara gedim ? Özümə gülməyim gəldi. Əslində heç fikirləşib eləmirdim.Özüm də getməsəm, sovxaya qalmış ayaqlarım bilir məni hara sürütdəyəcək –Əbdülgilə, ya da qəbristanlığa…Gör havaxtdan dünya boşalmışdı mənimçin. Qocalıqdandı, yoxsa təklikdən, arada başıma gic-gic fikirlər dolur: bəlkə dünya yerli-dibli olmayıb, heç mən də mən deyiləm- havayam, toz dənəsiyəm, ya da yerin süni peykinin bir qəlpəsiyəm, kosmosda fırranıram özümçün?!..
İki dünya arasında mən qalmışam, bir də yarımcan Əbdül.
Havaxt Əbdülün doqqazına ayaq basıram, onda özümü hiss edirəm, deməli varammış.Əbdülə baxanda mənim canım biraz suludu, arada meşəyə gedirəm, dərədən , “Sısqabulaq”dan su da gətirirəm, noolsun, nə meşənin havası havadı, nə bulağın suyu su. Dad-tam qalmayıb, ya ağzımın zayı çıxıb?..
Yazıq Əbdül dəqiqəsini , bəlkə də saniyəsini sayır, hər aldığı nəfəsə zəm-zəm suyu içirmiş kimi “ox-xaay!” deyir, zarıya-zarıya uzana qalıb, daxmasından çölə çıxmır, çıxa bilmir; boğazından da heç nə keçmir, Əzrayılın yoluna göz qoyur. Tez-tez getmirəm ki , qapının cırıltısından diksinər, elə bilər ölümüdü gələn. Bəlkə də sevinər, nə bilim…Əbdülünkü çəkiləsi dərd deyil…
Ürəyim sıxılır. Boğuluram. Əvvəllər şəhər avtobusları kimi basaraq idi kənd, adam çox, boğanaq,onmetrədən də bir çətir-çətir qoz ağacları Allahın havasına qənim kəsilərdi. “Ceviz ağacı insan kimi nəfəs alır, düşər-düşməzi var, alma, heyva əkin həyətinizdə” demişdi kəndə gələn professor. Desəm ki qələt eləyib, qanacaqsız olaram, amma, professor Allah deyilki, vallah, burda nə ağacı əksən,bitmir, quruyur, bitən də əməlli məhsul vermir.Havanı ağırlaşdırsa da bu kəndin camaatı qozun hesabına var idi…Hanı indi o ağaclar?…Hökumət adamlara qənim kəsildi, adamlar da ağaclara…İşə bir bax sən Allah,vaxtıyla əl-ətəyinə selbə atıb, əlçatmazına budaq-budaq dırmaşıb qoz çırpmasaydım, havaxtsaburda ağac olduğuna inanmazdım…
Axırıncı qoz ağacının kötüyünəhavaxt balta vurdular, yadımdan çıxıb.Hər selbə atanda havaya yüz qarğa qalxardı, onlar da yox olub. Elə bil səhralıqdı, küllükdü, xarabalıqdı…Adamlar da köçdü, ağaclar da…İndi havasızlıqdan yox, havanın çoxluğundan boğuluram… Dəli oluram deyəsən…
Ağaclar boy atdıqları kimi təmkinlə “köçdü”- qarış-qarış, budaq-budaq, qol-qol…Adamlar isə bircə günün içində…Adamlar ağacları diri-diri mişarladı, dəhrələdi, qəlpə-qəlpə tikələyib sobalara, təndirlərə basdılar, yandırıb külünü yelə verdilər, öldürdülər-özləri ölməsin deyə.
***
Dünyanın axırında deyildi bu kənd. Heç əvvəlində də deyildi. Yazı dizəcən palçıq, yayı tozanaq, qışı da qar-çovğun, özü də dağın lap kəlləsində! Mənbu səy ağlımla fikirləşirdim, görəsən,burda yurd salmağa dədə-babalarımızı nə vadar edib? Mənə elə gəlirdi ki, bunu dədəm də, lap dədəmin dədəsi də fikirləşib. O fikirnən müharibəyə də gediblər, amma ölən ölüb, qalanları ki qayıdıb?!Qayıdıb, ev tikib, uşaq böyüdüb, amma burdan köçməyib…Biri mən, əsgərlikdən dönməyə də bilərdim; sevdiyim qız da vardı, qalsaydım,burdakından yaxşı iş-gücüm, evim-eşiyim də olardı bəlkə…Başqaları oxumaq, ya əsgərlik adıyla ilim-ilim itdilər, daha kəndin adını tutmadılar, geri dönmədilər.Qızlar ata evində qarıdı, qocalar həsrətdən, nisgildən öldülər…Ha fikirləşirəm, axırıncı kərə kənddə mağar qurulub toy çalındığını andıra qalmış yadıma sala bilmirəm. Mağar qurulurdu, amma, ölənlərin doqqazında…
Beş-on evlik kəndisonuncu Mərdan kişi tərk eləmişdi. Daha doğrusu, şəhərdə yaxşı mənsəb sahibi olan kürəkəni aparmışdı kişini. Nə vaxt idi, huşumdan düşüb, amma maşına minməmiş dediyi qulağımdadı: “Daha burda ot da bitməz!” Elə bil Mərdan kişinin ahı tutdu buraları,bulaqlar qurudu, torpaq çat verdi, yarğanlar cadar-cadar elədi el düzünü.
Mərdan kişidən əvvəl Cabbarın külfəti daşındı paytaxta.Özü yox, külfəti. Qisməti beləymiş. Yazıq Cabbar , ahıl vaxtında iyirmi kilometrlik yolu basa-basa, payi-piyada gedib raykoma yalvar-yaxar eləmişdi ki,bilirəm, bu kəndin adı it dəftərində də olmayıb,olmayacaq da! Bu gün-sabaha salıb allahın qazına, işığına həsrət qoyduz, yol çəkməyə ayrılan pula da göz dikdiz, haram xoşunuz. Nə qədər sən burda katibsən, quyruqbulayanlın da kənd soveti Şəmildi, nəinki biz, heç qotur keçimiz də gün görməyəcək, heç olmasa qışı yola verin, sovxaya qalmış meşədən quru ağac qırmağa icazə olsun, bu fağırlar soyuqdan qırılmasın, beş-altı evdi, yaza çıxsalar, rədd olub gedəcəklər bu viranədən!..Katib də kişiyənə cavab vermişdisə, evə qayıdanı üç gün yerindən dura bilmədi, dili tutuldu, elə üçüncü gecə də köçdü bu dünyadan. Dinməzcə…
Dinməzcə ölməyi Cabbar kişi “dəb” saldı kəndə…
O gündən Şəmil də kəndə dönmədi. Elə o gündən də kənd seyrəkləşdi.
Sən deməo günlər sovetlərin ələyi ələnirmiş!
Sonradan bildik ki, katib, Cabbar kişini guya yola gətirmək istəyibmiş, deyib:
-Ay ağsaqqal,a sağ olmuş, oturmusan dağ başında,udursan təmiz havadan, dünyadan xəbərin yox, ayə, bu gədə-güdə, şura hökumətinin mitilinə vurullar ee! Nə partiya olacağ, nə raykom, nə də… heç zad!Ayə, ölən günümüzdü ee!..
Dili-ağzı qıfıllanmasaymış , bəlkə , “sinənə belə dağ havası düşüb, gəl, yayda zoğal arağıyla kabab yeməyə yox ee, payızın lıqqasında, qışın zəlozəlosunda gəl, gör camaatun nə zillət çəkir, nə müsibətə dözür”deyərdi. Amma deyə bilməyib.Cabbar kişi əvvəlcə döyüküb, udqunub, özgə vaxt zəhmi qayaları əridən kişinin cınqırı da çıxmayıb, başa düşməyib raykomun, partiyanın ölən günüdü, yoxsa dünyanın. Belə vecsiz raykomu, Şəmil kimi kənd soveti olan partiyanın ölməsinə sevindiyindənmi dili tutulmuşdu Cabbar kişinin, yoxsa sabaha naümidliyindən- bunu da bir Allah bilirdi…
***
…Hava praqnozu mənlik deyilmiş; yağış-zad yağmadı…
…Səhərəcən gözümü yummadım. Ürəyimə dammışdı, gözümü yumsam, day açmayacam. Gözlərimi tavana dirəyib zülmətdə bir iynə ucu işıq axtarırdım.İşıq nə gəzirdi! ”Qarğa ömrü yaşayasan, yada düşəsi işıqlı xatirəndə olmaya…”
Hamı köçün sürdü, getməyə yeri olan getdi…Kimə pənah aparacaqdımki? Şəfiqənin ölümündən on il keçib, elə bil yüz ildi onun qəbrinə gedib-gəlirəm…Allah verən candı, gəzdirirəm…
Səhəri diri açdım. Ağzımı tutdum qəbristanlığasarı ki, sakitləşəm.Kimsə çağırdı elə bil. Qanrıldım səsə. Əvvəl elə bildim yenə atırlar. Dağların o üzündən çoxdan səs-səmir gəlmirdi…“Bismillah!” Heç kimsə yox idi.Ürəyim sancdı.Qayıtdım Əbdülün doqqazına. Barmaqucu eyvana çıxdım, hörümçək toru basmış ara pəncərədən içəri göz qoydum; Əbdül bərəli gözləriylə pəncərənin şəklini “çəkirdi”. Əsas odu ki, gözləyir… “Bu gün bitirəcəm, allah qüvvət versə, peşiman etməsə…”
Ölülərlə dil tapmaq asandı. Kənd boşalandan qəbristanlıqda onlarla söhbət edirəm. Sağlığında zəhmli, qəddar, əzazil, kobud, yaltaq, zırrama, dəli — burda yazıq, sakit, üzüyola…həm də xoşbəxt! Qəbir daşlarıyla salamlaşdım, hal-əhval tutub əlimdəki dəhrəylə qaratikan kollarını qırmağa başladım. “Gözləyin, indi hamınızı xilas edəcəm bu zəhrimarın caynağından!..” Torpaq bir ara nəm çəkdi deyə qaratikan basıb hər yeri, elə bil qurbanolduğum dünyanın bütün qaratikanlarını bir gecədə ting eləyib basdırıb bura, qəbirləri ayırd eləmək olmur…Yaxşı ki cavan zoğlar hələ bərkiməyib, dəhrənin ağzı dəyən kimi üzülür…
Tək-tük baş daşında əl boyda şəkil var, o dabozarıb, yazıları korraşıb, tanınmaz olub. Eehh, onsuz da hamısını tanıyıram; kim necə, hansı dərddən öldü, neçə gün can verdi, üstünə gələni, gəlməyəni də yadımda…
…Bu da Şəfiqə! Gözləri elə gülür. Zalım qızı, o boyda dərdin içində bir dəfə də gileylənmədi…“Sağlığında qədrini bilmədim, Şəfi…İncitdim səni. Ürəyim, həyatım demədim, deyə bilmədim…Züryətimizin olmamasını səndən bildim, səni qınadım…Üzə vurmadın, doxtura da getmədin, dərdinlə birgə əridin , o gecə…o gecəgülə-güləbircə bunu dedin:Özündən muğayat ol…Görüşərik… Yanında olmaq istəyirəm, Şəfi…”
Şapkamı çıxardıb Şəfiqənin bozarıb çat vurmuş şəklini sildim, barmaqlarımla tellərini, gözlərini, burnunu, dodağını oxşadım. Bir dəfə də öpmədiyim dodaqları azca aralıydı, sanki deyəcəyi vardı. İmkan vermədim, “gəlmə!” deyəcəyindən qorxub nəm dodaqlarımı dodağına dayadım…