Хаяла Мурад

Хаяла Мурад автор книг: «Невидимая истина», «Желание одного листя», «Всё ради дочери», «Без имянная» и главный редактор первого женского сайта Азербайджана.

Khayala Murad is the author of the books «The Invisible Truth», «The Desire of One Leaf», «Everything for the Daughter’s», «Without the Name» and the editor-chief of the first female website of Azerbaijan.


Рассказ «Xilas» («Спасение»)

Xəyalə Murad
“Xilas”
(hekayə)

— Hə, nədir? Yenə gəldin? Axı sənə nə lazımdır? Get dedim sənə… Get buradan…
Ayağa qalxıb əli ilə “qonağını” qovmağa çalışdı.
— Tək qalmaq istəyirəm… Başa düşürsən? Tək, tənha… Onlar kimi, bu qayalar kimi… Buzülmət kimi tənha…
“Qonaq” getmirdi. Gözlərini döyüb üst-başı cırıq-cırıq olan toz-torpaq, tər iyi verən, saç-saqqal basmış kişiyə susaraq tamaşa edirdi.
-Yaman tərssən. Mənim kimi… Ancaq daha əvvəlki inadkarlığımdan əsər-əlamətqalmayıb. Bilirsən niyə? Çünki bu daşlar məni tərbiyələndirib. Çünki bu zülmət məndən daha inadkar olduğunu sübut edib.
Ayağa qalxıb axsaya-axsaya kömürlü döşəmə üstündə gəzişdi.
-Keç… Görürəm yenə dinləyicim olmağa qərarlısan. Nə deyirəm, arzu etdiyin yerdəotur. Dünən “oturacaq”-ları necə qoymuşduqsa, eləcə də durur. Heç yerlərindən tərpətməmişəm. Həm buna nə gərək var ki… Onsuz da səndən başqa “qonağım” olmur. Gəl, açıq danışaq. De görüm, məni dinləmək səni niyə bu qədər maraqlandırır? Niyə hər gün boş-boş çərənləmələrimə qulaq asırsan? Bu sənə nə verir? Yoxsa… Yoxsa sən də mənim kimi tənhasan?
“Qonaq” arabir xırda burnunu tərpədib susmağa davam edirdi. İri daşlardan birinə söykənən axsaq kişi kir basmış əllərini tər vəkömür qarışığı ilə örtülmüş üzünə tutdu.
-Bax, mən görünməzəm… Sən ola bilsin ki, məni görürsən, ancaq əslində məntamamilə görünməzəm. Mən yoxam. Gözlərimi yumsam da qaranlıqdır, açsam da. Mən kimsəni görmürəmsə, kimsə də məni görmür…
Əlini üzündən çəkib dərindən nəfəs aldı.
-Bu qərarı verməzdən əvvəl çox çırpınmadım.Gözəgörünməzlik mənim alnımayazılıb. Ailədə ortancıl övlad idim. Bütün diqqət böyüklə, kiçik uşağa yönəlmişdi. Böyük səhv edəndə: “Axı, sən böyüksən, belə etməməlisən”, kiçik səhv edəndə “sonbeşikdir, böyük ona nümunə olar”, deyirdilər…Mənim səhvim də, düzüm də yalnız mənə məlum idi. İş də burasındadır ki, hansı addımımın səhv, hansının düz olduğunu ayırd edə bilmirdim. Bunu izah edəcək qayğıkeş biri yox idi. Orta məktəbdə də eynilə arxa sırada əyləşən gözəgörünməz şagird qismində idim. “Sakit uşaq” ləqəbi ilə tanınırdım. Adımı belə çəkən yox idi. Lövhəyə isə nadinclik edəndə çıxarılırdım. Çünki başqa vaxt mənim varlığımı kimsə duymurdu. Varlığını görməyənə yoxluğunun nə mənası?.. Böyüdüm, görülmədim, sevdim, sevilmədim.
Mədəndə fəhləlik etməklə pul qazanmağa qərar verəndə iyirmi dörd yaşım var idi. İşin ağırlığı bir yana dursun, bir də gənc birini kömür içində tər tökdüyünü təsəvvür et. Bilirsən niyə kömür mədənini seçdim? Çünki kömür də mənim kimidir… Zülmət kimi qara. Ancaq kömür məndən fərqli olaraq insanlara lazımlıdır, mən isə… Atılmış, unudulmuş, gözəgörünməz bir kəsəm. Bəzən üstümüzə uçan bu qayalardan fərqimin olmadığını düşünürəm. Yəni heç kəs mənim varlığımı xatırlamır? Yəni bircə nəfər belə olsa, dağılmış kömür mədənində belə bir fəhlə qalıb deyə axtarışa çıxmır?
“Qonaq” susmağa davam edirdi. Arabir gözləri parlasa da, burnunu tərpətsə də,bu şəxsin danışığını, jestlərini izləmək xoşuna gəlirdi. Kişi ağır-ağır yerə, əzilmiş kömür qırıntıları üstünə oturub sözünə davam edir:
-O dəhşətli gündən neçə ay keçib hələ də bilmirəm. İlk zamanlar iyirmi dörd saatdanbir yeni günün başladığını qeyd edirdim. Eyniliklə dolu günlərin sayı artdıqca daxilimdə gərəksizlik, görünməzlik hissi oyandı. Saatımı sındırdım. Artıq zamansız bir yerdə yaşamağa qərar verdim. Burada zaman mənə hakim deyil. Ancaq bu qədər insana lazımsız olacağımı heç ağlıma belə gətirməzdim. Həmin gün əlli beş nəfərlik işçi ilə şaxtaya enmişdik. Ola bilməz ki, əlli beş nəfərdən bircə nəfər belə olsa, sağ qalmaya…!? Mütləq… Mütləq kimsə xilas olub.
“Qonaq” yavaş-yavaş ona tərəf gəldi. Cırılmış çəkməsinin yanında dayanıb,yerə uzanaraq yenidən dinləməyə başladı.
-Neçə ildir, bu mədəndə işləyirdim. Hər daşını, hər “dəhlizini”, hər döngəsini bilirdim.Buna görə zəlzələ baş verdiyi vaxt özümü ən iri iki daş arasına salıb qoruya bilmişdim. Şaxtanın yerləşdiyi dağ tektonik ərazidə yerləşdiyi üçün tez-tez zəlzələlər olurdu. Ancaq belə güclüsünü heç görməmişdim. Neçə bal olduğu mənə hələ də maraqlıdır. Silkələnmə bitər-bitməz qayaların arası ilə sürünüb işıq gələn tərəfi müəyyən etməyə çalışdım. Süründükcə işığa çatır, çatdıqca bu işığın cib fənəri olduğunu anlayırdım. Ümidli idim. Eşidirsən, ümidli. İnsanı ümid yaşadır. Mən də yaşayırdım və yaşayacağıma ümid edirdim. Xilas yolu isə kapsulanı tapmaqda idi. İlk zəlzələdən sonra müdriyyət kapsula yerləşdirməyə qərar vermişdi. Təhlükə baş versə, özümüzü kapsulaya çatdıraraq üç ay müddətinə sağ qalmaq şansını əldə edə bilərdik. Hamımızda o kapsulanın giriş-çıxış şifrəsi vardı. Əzbər bilirdim. Ora çatmaq üçün mədənin bir ucundan digərinə kimi getməli idim. Qaya daşlarını qaldıra-qaldıra əllərimi nəinki döyənək etdim, hətta az qala barmaqlarımı itirəcəkdim. Təxmini olaraq üç gün gecə-gündüz daşlarla mübarizə apararaq kapsulaya çatdım. Ora çatanda bura gələn ilk mədənçi mən olduğumu anladım. Demək ki, xilas olanlar bura hələ gəlib çatmamışdılar. İçəri girər-girməz etdiyim ilk iş su içmək oldu. Dolablar üç aylıq qida və su ehtiyatı ilə zəngin idi. Digər şaxtaçıları hər gün axtarmağa çıxır, kimsəni tapmayıb yenidən kor-peşman kapsulaya qayıdırdım. Günlük qida menyusu yazıb üç aylıq qida ehtiyatımı altı ayadək uzatdım. Çünki bu müddət ərzində xilasedicilərin gələcəyinə, məni xilas edəcəklərinə ümid edirdim. Dərd burasındadır ki, altı aydan çox vaxt keçsə də, nə gələn vardı, nə gedən. Bir gün üst dolabdakı son makaron dənələrini götürəndə yerə hansısa alətin təlimat kitabçası düşdü. Uzun zaman idi ki, nə isə oxumurdum. Əlimə alıb, birnəfəsə oxuyub, kiçik şəkillərdəki izahı gözdən keçirtdim. İnanılmaz tapıntı idi. Bu altı ayda niyə ağlıma gəlməmişdi, niyə fikir verməmişdim deyə özümü danlamağa başladım. Kətili girəcəyə çəkib üstünə çıxdım. Qapı üzərindəki dəmir qutunu açıb içindəki iri qırmızı düyməni bərk basdım. Və budur… Qutu üzərindəki işıq yanıb sönməyə başladı. Bu, SOS siqnalı olaraq quraşdırlmışdı. Mən isə altı ay kapsulada yaşaya-yaşaya bundan xəbərsiz idim.
Daşdan yapışıb ayağa qalxdı. Əlinin içini kirli şalvarının arxasına silib sinəsinə sıxdı.
-Xilasedicilərin gəldiyini yuxumda belə görürdüm. Yemək ehtiyatımın sıfır olduğunu,kapsulada bir gün də artıq qalmağın bir mənası olmadığını anlamışdım. Özümlə lazımi ədyal, paltar, fənər götürüb mədəndə irəliləməyə qərar vermişdim. Daşları kənara çəkərək özümə yol açdığımdan əldən düşürdüm. Əllərimin ağrısı dözülməz hal alanda, nəhayət, yerə uzanıb yatmaq qərarına gəldim. Ac, susuz, ağrıyan can… Bu halda yatmaqdan başqa bir şey bacarmırdım. Hər oyandığımda aclıq hissimi aldadacağımı zənn edirdim. Hər dəfə acdığımı hiss edəndə yatmağa çalışırdım. Elə yuxuda ikən şaxtada ikinci zəlzələ baş verdi. Daşlar uzandığım yerdəcə ayağıma töküldü. Sağ qaldığıma hələ də inana bilmirəm.Ancaq məqsədim vardı. Ümidim vardı. Xilasedicilər gələnə kimi özümü şaxtanın çıxışına tərəf çatdırmaq istəyirdim. Ona görə də gücümü toplayıb daşı kənara atdım. Lakin dörd tərəfdən qayalarla əhatələndim. Çıxışın sağa, sola, yoxsa önə və ya arxaya tərəf olduğunu bilməz oldum. Məni hər tərəfdən tamamilə bir-birinə bənzəyən qaya daşları əhatə edirdi. Tələyə düşmüşdüm. Çıxışı olmayan yerdə ölümü gözləməkdən başqa çarəm yox idi. Ancaq ölümdən tez siçan gəldi. Ən aşağıda iki daş arasından keçən siçanın səsi məni yuxudan oyatdı. Zülmət qaranlıqda onu necə tutduğumu təsvir etməyəcəyəm. Onsuz da sən bu işin ustadısan. Topal ayağımı sürüyə-sürüyə, divara, daşa dəyə-dəyə, nəhayət ki, tuta bilmişdim. İlk iş düşünmədən xirtdəyindən dişləmək oldu. Ya burada dağ altında qalıb ölməli, ya da yaşamaq üçün güclü olmalı idim. Çox ac idim. Aclıqdan çox xilasedicilərin gəlişinə kimi yaşamaq istəyirdim. O siçan mənim tək xilasım idi. Ürəyinin son döyüntüsünü eşidəndə artıq yeməyə hazır idim.
“Qonaq” ortalıqda sağa-sola fırlanaraq əl-qol hərəkətləri ilə hekayətini danışan tər qoxulu kişiyə baxmağa davam edirdi.
-Görürəm, əhvalatım xoşuna gəlir. Sənin təbiətin belədir. Mən isə insanoğlununməcburiyyətdən etməyəcəyi bir şeyin olmadığına inanıram. Bir siçanın qalığı ilə digər siçanı tələyə salırdım. Bu yolla iki-üç gündən bir yeməyim olurdu. Lakin bir gün yatanda sinəmdə ağırlıq hiss etdim. O sən idin. Sinəmə dırnaqlarını batırıb məni dərin yuxudan oyatmışdın. Xatırladın? Bilirəm ki, yadındadır. Sən məni oyatmasaydın, xilasedicilərin səsini heç eşitməzdim də. Onların daşları kənara atmağını, bir-birilərini səsləmələrini, arabir maşınla siqnal vermələrini eşidirdim. Onlar da məni eşitsinlər deyə dayanmadan birnəfəsə qışqırmağa başladım. Səsim eşidilmirdi. Harada olduğumu özüm də bilmirdim, ancaq düz başımın üstündə xilasedicilərin maşınının olduğuna əmin idim. Maşın siqnal verəndə onun yerini təxmini müəyyən etmişdim. Əlimə daş götürüb qaya daşlarını döyəcləməyə, dayanmadan: “Buradayam, aşağıda. Kömək edin! Xilas edin! Bu tərəfə gəlin, Bu tərəfə…” deyə qışqırırdım.
Ancaq maşın tezliklə uzaqlaşdı. Daha sonra yenidən sükut çökdü. Nə səs vardı, nə siqnal…. Bir daha eşidilməz, gözəgörünməz, lazımsız biri olduğuma əmin oldum. Mənəvi dünyamı məhv edən bu həqiqət reallığa boyun əyməli olduğumu izah edirdi. Mən isə yaşamaq üçün çabalayırdım. Daha sonra bir müddət səs tellərim ağrıdı. Ancaq artıq sən vardın. Məni dinləmək o qədər xoşuna gəldi ki, hər gün “qonağım” olmağa başladın. Bəs hər gün eyni hekayəni dinləməkdən yorulmadın? Mən çox yoruldum.
“Qonaq” yerindən tərpənmirdi. Dinləyici rolunda olmaq onun çox xoşuna gəlirdi. Saç-saqqal basmış kirli kişi başının üstündəki daşın ən xırda çıxıntısını göstərib:
-Bax, bu deşiyi görürsən? O, havalandırma sisteminə çıxan tək yoldu. O olmasaydı,mən havasızlıqdan çoxdan ölmüş olardım. Ümid də bunun kimidir. Yaşamla ölüm arasında tək şey ümiddir… Mədəndə olduğum bu müddət ərzində yeməkdən, sudan, isti evdən də çox Günəşi arzuladım. Onun istisini yenidən bədənimdə hiss etmək istəyirəm. Qaranlıqdan, gecədən o qədər bezmişəm ki, daim gündüz olmasını istəyirəm. Mən kimsəyə gərək olmasam belə,yaşamaq istəyirəm…
Kişi alnını daşa toxundurub göz yaşı axıtmağa başlamışdı ki, ani sükutdan faydalanan “qonaq” yaxınlıqdakı daşın üstünə hoppandı. Daha sonra ondan da üstdəki daşa dırmandı. Beləcə, tavanadək olan hündürlükdəki daşa çıxdı. Onun bu davranışı kişini təəccübləndirdi. Asta-asta “qonağa” tərəf gəlib aşağıdakı daşın üstünə dırmaşıb, əlini tavan rolunu oynayan qaya daşına toxundurub qəfildən qışqırdı:
-Sən ki dahisən…. Hə, hə,o gün maşınlar elə burada dayanmışdılar. Siqnal səsi də məhz buradangəlirdi. Demək ki, bu daşları yerindən tərpətsəm, yuxarıya çıxa bilərəm. Gözlə, gözlə görüm nə ilə tərpədirəm. Düzdür, bir qədər toz-duman qalxacaq, indiki vərdiş etdiyimiz yerdən əsər-əlamət qalmayacaq, ancaq çıxış mütləq olacaq. Mütləq!
Daşları üst-üstə qoyub üzərinə dırmaşıb, üst qayalardan hansındasa boşluq axtarırdı. Axtarış bir müddət davam etdi. Nəhayət, yerindən oynayan kiçik daşa toxuna bildi. Onu dartıb çıxardaraq iki qaya daşının yerə düşməyinə səbəb oldu. Beləcə, bir-bir daşları oynadır, üst “tavanı” tamamilə dağıdıb uçurtmağa qərar verir. Əlləri ağrısa da, başı hərlənsə də, bir an belə olsun dayanmır. Ani ehtiyatsızlıqdan bütün “tavan” daşları onun üzərinə, yerə çökdü. Qalın qaya daşlarına kürəyiüstə sərilmiş kişi uçmuş tavandan üzünə düşən günəş şüasını görcək ağlamağa başladı. Onurğasının sındığını dəqiq bilirdi. Çünki heç bir yerini tərpədə bilmirdi. Aydın səmanı, uçan buludları seyr edib ucadan qışqırmağa başladı.
— Ey, dostum, haradasan? Gəl, bax! Nəhayət ki, çıxışı tapdım. Ancaq mən tərpənə bilmirəm. Kömək dalınca sən gedə bilərsən?
“Qonaq” daşların üstündən hoppana-hoppana tər qoxusu verən kömür məndənçisinin tərpənməz bədəninə çıxdı. Asta-asta sinəsinə doğru addımlayıb dişlərini qıcıdır, bığlarını oynadır, qırmızı gözlərini qamaşdıraraq nə isə mırıldanırdı. İki mədən “dostu” tanış olduqlarından bəri ilk dəfə gün işığında üz-üzə, göz-gözə gəlmişdilər. Kişi dinləyicisinin qırmızı gözlərindən ürküb sağa-sola baxmağa başladı. Ətrafında parlayan onlarla qırmızı gözlər gördü. Hamısı burnunu oynadaraq, dişlərini qıcıdaraq ona tərəf gəlirdi. Mədənçi acı gülüşlərə boğularaq son dəfə dedi:
-Deyəsən, hələ indi dərk edirəm… Əslində sən tənha yox, ac imişsən. Bu günlər,həftələrboyu məni “dinləmək”-lə nə zaman taqətdən düşüb öləcəyimi gözləyibsənmiş.Bax, indi mən cansız, ac və tamamilə köməksiz biriyəm. Əgər məni yemək sənin və çağırdığın siçovul dostlarının yaşamaq üçün son şansındırsa, onda yaxın gəl. Ye, dişlə, haramdan istəyirsən, çeynə! Məni gərəksizlikdən xilas et!Bu yaşımadək kimsəyə lazım olmadımsa, innən belə, ümumiyyətlə, kimsəyə gərək olmayacağam. Bəlkə bu yolla fani dünyada kimin üçünsəlazım oldum…
08.12.2016- Bakı.

1 Звезда2 Звезды3 Звезды4 Звезды5 Звезд (Пока оценок нет)
Загрузка...